Ukrayna Krımda Rusiya təyyarələrini məhv edib | VİDEO

   Ukrayna Krımda Rusiya təyyarələrini məhv edib    | VİDEO
  25 Sentyabr 2025    Oxunub:449
Ukrayna Silahlı qüvvələri (USQ) ilhaq olunmuş Krım yarımadasında Rusiyanın iki “An-26” təyyarəsini yandırıb.
AzVision.az xəbər verir ki, Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) belə məlumat yayıb.

“Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlı qüvvələri yarımadada keçirdiyi reyd zamanı Rusiyanın iki “An-26” nəqliyyat təyyarəsini yandırıb, həmçinin yerüstü radar stansiyasını və MR-10M1 “Mıs M1” sahil radiolokasiya sistemini məhv edib”, - BKİ-nin məlumatında deyilir.

Bu itkilərin USQ-nin Baş Qərargahının sentyabrın 24-nə olan hesabatında qeyd olunduğu bildirilir.

“An-26” turbovintli çoxməqsədli nəqliyyat təyyarəsidir. Açıq mənbələrin məlumatına görə, təyyarə yüksək sabitlik, idarəetmənin asanlığı, sadə pilotlaşdırma texnikası və pilot kabinəsindən əla görünmə qabiliyyəti ilə xarakterizə olunur.

Eyni zamanda, sentyabrın 25-də Ukrayna ordusunun Zaporojye vilayətində Rusiyanın “Su-34” təyyarəsini vurduğu açıqlanıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   təyyarələr  



Xəbər lenti